top of page

Molla Məhəmməd “Bakılı balasıyam”

  • Faik
  • 1 мая 2015 г.
  • 2 мин. чтения

meyxanaci.jpg

Azərbaycanın meyxana həyatında silinməz iz qoyan bir şəxs barədə maraqlı faktlar üzə çıxardı.

Söhbət Molla Məhəmməddən gedir. Onun adı bəlkə də sizə tanış gəlməz, amma bu şəxsin yaratdığı meyxana və mahnıların adlarını sadalasaq, siz hər şeyi başa düşəcəksiniz. Molla Məhəmməd “Bakılı balasıyam”, “Bilmiyirdin Bileydin”,”O qızı axtarıram” və Həsən Seyidbəylinin rejissoru olduğu “Bizim Cəbiş Müəllim” filmində səslənən “Çağırsa ellər gedərəm davaya”meyxanasının müəllifidir. Araşdırmamız nəticəsində məlum oldu ki, el arasında o, Molla Məhəmməd kimi məşhur olan Məhəmmədqulu Məmmədovdur. 1950-ci ildə meyxananın ocağı olan Maştağa kəndində anadan olub. Orta təhsilini 209 saylı məktəbdə alıb. Uşaqlıq illərindən ədəbiyyata , sözə çox maraq göstərib. Ustadın oğlu ilə görüşüb daha ətraflı məlumat almaq imkanımız oldu. Oğlu Xaqani bildirdi ki, “atam 14 yaşlarından el şənliklərində meyxana deyib. Onu da deyim ki, mənim atam böyük söz ustadları olan Hacı Kazım, Ağasəlim Çıldağla toy mərasimlərində deyişib”.

Xaqan həmçinin əlavə etdi ki, meyxanaya maraq onun yaxın qohumu olan, XIX əsrdə yaşamış Atababa Hicridən keçmişdir. Söhbət əsnasında Xaqanidən onu da öyrəndik ki, Molla Məhəmmədin yazdığı mahnıların müəlliflik hüququ barəsində ciddi problemləri var.

“Bu mahnı məsələsi atamın dərdinin üstünə dərd gətirirdi. Bir neçə məşhur müğənni onun müəllifi olduğu musiqiləri ifa edir, bu mahnıların müəllifini qeyd etmirlər”-dedi.

Onun mahnılarının müəlliflik hüquqları barəsində çox söz-söhbətlər gəzir. Respublikanın Əməkdar Artisti Səməd Səmmədovun ifa etdiyi “Bakılı Balasıyam” mahnısı məşhur ustada məxsusdur. Sübut üçün həmin mahnının sonuncu misrasını oxuculara təqdim etmək istərdik:

Bakıda olubdu bir belə hörmət,

Bakıdan çıxıbdı bu gözəl söhbət.

Bunu da deyibdi Molla Məhəmməd

Bakıda doğulmuşam, bakılı Balasıyam.

Qeyd edək ki, Molla Məhəmməd özündən sonra bir neçə meyxanaçı yetişdirib. Elçin Atakişiyev, Mehman Qobulu və digərləri. Bununla bərabər, onun yazdığı ictimai motivli şeirlər, dini qəzəlləri insanlar tərəfindən rəğbətlə qarşılanırdı. Oxuculara onun bir qəzəlindən üç bənd təqdim edirik.

Dünya ki belə bərqərar olmuş təməliynən,

Getməz belə bir gün batacaq öz əməliynən.

Bir sirridir, bir fəlsəfədir möcüzədir bu,

Düşmənləri bir yerdə yatır Həzrət Əliynən.

Amma yenə düzlər düzü tək qaldı Məhəmməd,

Quranı bizə verdi getdi öz əcəliynən.

Ustadın başqa bir meyxanası isə demək olar ki, həm yaşlı nəslin, həm də bir çox gənclərin yadındadır. Bu Həsən Seyidbəylinin rejissoru olduğu “Bizim Cəbiş Müəllim” filmində səslənən “Çağırsa ellər, gedərəm davaya” meyxanasıdır. Molla Məhəmmədin hamımızın bildiyi bu meyxananı hazırlaması birbaşa Xalq Artisti Nəsibə Zeynalovanın adıyla bağlıdır. Ustadın oğlu Xaqani Əhmədov bildirdi ki, , “Atamla Nəsibə xanım bağda yaxın qonşu olublar. Nəsibə xanım atamın meyxana deməsini bilirdi. Bir gün o, atamı bu filmə dəvət edir ki, burda meyxana deməklə yanaşı, həm də iştirak etsin. Əvvəlcə atam razı olmasa da, sonradan bu təklifi qəbul edir. O, tez bir zamanda meyxananı yazır və səsi kinonun lentinə yazılır. Lakin özü bu kinoda oynamaqdan imtina edir”.

Molla Məhəmməd 2010- ci ilin fevralın 23-də dünyasını dəyişib.O, Maştağa qəbristanlığında dəfn olunub. Mərhumun oğlu ustadın yas mərasiminə bir–iki qəzəlxanın gəldiyini deyib, çox gileyləndi. Fikrimcə, ən azı onun mahnılarını ifa edənlər bir telefon zəngi ilə də başsağlığı verə bilərdi.

// Telebe.az


 
 
 

Comments


© Mastagali 2015

bottom of page