top of page

Görkəmli alim, İslam araşdırıcısı Əhmədağa Əhmədov


Nardaranpiri.com-un SalamNews-a istinadən məlumatına görə, Ə.Əhmədov 1922-ci ildə Bakının Maştağa kəndində anadan olub. Dövrünün çox savadlı ruhanisi olmuş atası Hacı Mirzə Əbdülkərimin onun təlim-tərbiyəsində böyük əməyi olub. Hacı Mirzə Əbdülkərim uzun müddət İranda və İraqda oxuyub, Məşhəd və Nəcəf şəhərlərindəki mədrəsələrdə ərəb dilinin sərvi-nəhvi, məntiq, bəlağət elmləri, fiqh, üsul, hikmət, ilahiyyat və s. elmlərdən dərs deyib. O vaxtlar ruhanilərə "kulak" damğası vurulduğu üçün məktəb yaşı çatmasına baxmayaraq balaca Əhmədağanı məktəbə yalnız 13 yaşında qəbul edilib. Lakin 4-5 yaşlarında yazıb oxumağı öyrənmiş Əhmədağa bu illər fars və ərəb dillərini, məntiq ədəbiyyat elmlərini öyrənmişdi. Orta məktəbi altı il ərzində əla qiymətlərlə bitirib attestat aldıqdan iki gün sonra müharibə başlayır və onu ordu sıralarına çağırıb Uzaq Şərqə yola salırlar. Sibirin buzlu qazmalarında hərbi xidmət keçən Ə.Əhmədov ağır xəstələnir. 1943-ci ildə ürək tutmaları ilə ordudan tərxis olunur. Məktəbi əla bitirdiyinə görə neft İnstitutuna qəbul olunur və oranı əla qiymətlərlə bitirir. İmtahan komissiyasının qərarı ilə onu aspiranturada saxlayırlar. Elmi işlə paralel olaraq 1950-ci ildən pedaqoji fəaliyyətə başlayır, 1954-cü ildə elmlər namizədi, alimlik dərəcəsi, bir neçə ildən sonra isə dosent dərəcəsi alır. O vaxtdan başlayaraq pedaqoji və elmi fəaliyyətini davam etdirib bitirdiyi institutda, Rostov dəmiryolu və Moskva institutlarının Bakıdakı filiallarında nəzəri mexanika, termodinamika, daxiliyanma mühərrikləri, istilik texnikası, buxar qazanları və s. texniki fənlərdən mühazirələr oxuyur və bir necə il Azİİ-nin nəzəri mexanika kafedrasına rəhbərlik edir. 1977-ci ildə EA Nizami adına Ədəbiyyat İnstitutunda "Azərbaycan ədəbiyyatının tarixi" kitabını kiril əlifbası ilə çapa hazırlayır, kitab haqqında rəy yazır. Dahi şair Nizaminin yubileyi ərəfəsində onun əsərlərinin tərcüməsi, təhlili və nəşrində fəal iştirak edib. Rəsmi filoloji təhsili olmadığından onu müstəsna hal kimi Azərbaycan EA-nın xüsusi qərarı ilə Nizami İnstitutunun Mətnşünaslıq şöbəsinə baş elmi işçi təyin edirlər. Bundan sonra klassik şairlərin yaradıcılığı ilə bağlı elmi işləri ilə məşğul olub, iki cildlik "Şer inciləri" məcmuəsini tərtib edərək nəsx xətti ilə yazır. Həmçinin texniki sahədə yazdığı çoxlu elmi məqalələr "Нефт и газ" jurnalının müxtəlif nömrələrində çap olunub. Çap edilməyənlər isə nəzəri mexanika kafedrasının hesabat məcmuələrində dərc edilib arxivdə saxlanılır. Ensiklopedik bilik sahibi Ə.Əhmədovun digər bir istedad yönü Azərbaycan müstəqillik qazandıqdan sonra parlaıb. Dinin bütün incəliklərinə bələd olan alim bir xəzinə yaradaraq İslamı sevənlərin ixtiyarına verib. "İslam təlimi", "İslam əxlaqı", "Ərəb əlifbası", "Nikatül-Quran", "Əsrarül-Quran", "Şəriət çırağı", "Dürəfşan kəlamlar", "Allahın hüccətləri", "İslamın əsasları" və fars dilindən tərcümə etdiyi Şeyx Bəhanin "Cameyi-Əbbasi" əsərləri ondan yadigar qalıb. İslam Peyğəmbərinin (s) Meracı günü dünyaya gəlmiş Əhmədağa Əhmədov 2008-ci il Novruz bayramı günündə tərk edib.


bottom of page